Xəbərlər
BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirilib

BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirilib
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Hüseynov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Qeyd edib ki, Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən beş beynəlxalq ikili diplom proqramından biri məhz BMU tərəfindən icra olunur. Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini vurğulayan rektor proqramın davamı üçün ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.
Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. Yaqub Piriyev əlavə edib ki, BMU ilə İNHA arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2024-cü ildə yeni əməkdaşlıq sənədi imzalanıb. Həmin sənədə əsasən, proqram məzunlarının akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən 10 faizi İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları halda tam təqaüdlə təhsil almaq imkanı qazanırlar. Artıq 10-dan çox proqram məzunu bu imkandan yararlanaraq İNHA Universitetində magistratura səviyyəsində təhsilini davam etdirir.
Rektor məzunlara müraciətlə vurğulayıb ki, fərqli akademik mühitdə qazandıqları bilik, bacarıq və beynəlxalq təcrübə ölkənin elmi, texnoloji, iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək. Bildirib ki, yüksəkixtisaslı gənc mühəndislər kimi onların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində, müasir infrastruktur layihələrinin icrasında, rəqəmsal transformasiya və innovativ inkişaf proseslərində fəal iştirak edəcəklərinə inanır. Çıxışının sonunda rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb. Nazir müavini xaricdə ali təhsilin bütün səviyyələri üzrə həyata keçirilən dövlət proqramlarının gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ikili diplom proqramlarının sayının 8-ə çatdırılacağını deyib. İdris İsayev, həmçinin süni intellekt dövrünün çağırışlarını nəzərə alaraq gənclərə daim öz üzərlərində çalışmağı, bilik və səriştələrini davamlı artırmağı tövsiyə edib. Nazir müavini məzunların bu uğurunda professor-müəllim heyətinin zəhmətini və valideynlərin dəstəyini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirib.
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar. Fərqli mədəni mühitə uyğunlaşaraq və akademik sınaqlardan keçərək proqramı uğurla başa vuran məzunların hər biri ilə qürur duyduqlarını deyiblər. Bildiriblər ki, məzunlar iki ölkənin təhsil təcrübəsini mənimsəmiş, beynəlxalq standartlara uyğun hazırlıq keçmiş mütəxəssislər kimi qlobal əmək bazarında mühüm üstünlüklərə malikdirlər. Gəncləri sürətlə dəyişən müasir dünyada daim öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə çağıran natiqlər onları yeni imkan və uğurların gözlədiyini qeyd ediblər.
Sonra çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ölkələrimiz arasında münasibətlərin son illərdə bütün istiqamətlərdə, xüsusilə təhsil, elm və innovasiya sahələrində uğurla inkişaf etdiyini deyib. Bildirib ki, insan kapitalının inkişafı istiqamətində Koreya Azərbaycan üçün etibarlı tərəfdaşdır və birgə layihələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Səfir ikili diplom proqramının yalnız yüksəkixtisaslı kadrların hazırlanmasına deyil, eyni zamanda iki ölkə arasında mədəni dialoqun gücləndirilməsinə də mühüm töhfə verdiyini qeyd edib. Ramin Həsənov bildirib ki, ikili diplom proqramının məzunları ölkəmizin sosial-iqtisadi inkişafına, innovativ potensialının gücləndirilməsinə mühüm töhfə verəcəklər.
Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək onların Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji mövqeyinin, Orta Dəhlizin mühüm logistika mərkəzlərindən biri kimi artan əhəmiyyəti və ölkənin beynəlxalq nüfuzunun yüksəldiyi tarixi bir dövrdə məzun olmalarını böyük fürsət və xoşbəxtlik kimi dəyərləndirib. Səfir BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirərək, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Tədbirdə “Elektrik mühəndisliyi” ixtisası üzrə məzun Amin İslamov və “İnformasiya texnologiyaları” ixtisası üzrə məzun Zoyarida Rəhimova çıxış ediblər. Bildiriblər ki, proqram onlara beynəlxalq səviyyəli təhsil almaqla yanaşı, fərqli akademik və mədəni mühitdə inkişaf etmək, yeni bilik və bacarıqlar əldə etmək, qlobal dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradıb. Məzunlar Azərbaycan Prezidentinə və proqramın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.
Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.
Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb
BMU-da "Məzun Günü" təntənəli şəkildə qeyd olundu

BMU-da "Məzun Günü" təntənəli şəkildə qeyd olundu
Məzun buraxılışında universitet rəhbərliyi, professor-müəllim heyəti, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Vüqar Bayramov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Araz Paşayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqində məzunları səmimi qəlbdən təbrik edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, məzun olmaq təkcə tələbəlik həyatının başa çatması deyil, eyni zamanda yeni məsuliyyətlər və imkanlarla müşayiət olunan mühüm həyat mərhələsinə keçiddir. Qeyd olunub ki, məzunların qazandıqları uğurların təməlində onların əzmi və zəhməti ilə yanaşı, müəllimlərinin fədakar əməyi, valideynlərinin isə sonsuz dəstəyi dayanır.
Rektor vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdəki ardıcıl tədbirlərin davamı olaraq cari ilin fevral ayında dövlət başçısının rəhbərliyi ilə yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, Fəaliyyət Planı təsdiqlənib və rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiya sahələrində fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalanıb. Fərmana əsasən yaradılan, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının iki gün əvvəl keçirilən iclasında bu sahədə qarşıda duran prioritetlərin geniş müzakirə olunduğunu qeyd edən rektor müasir çağırışlara cavab verən yüksəkixtisaslı kadr hazırlığının strateji əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, BMU-da son illərdə yeni ixtisasların açılması, İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılmasının ölkənin inkişaf prioritetlərinə uyğun mühüm addımlar olduğu diqqətə çatdırılıb.
Yaqub Piriyev bu il 10 yaşı tamam olacaq universitetin qazandığı uğurlardan bəhs edərək son 2 ildə QS reytinqlərində yer almasına və ciddi irəliləyiş əldə etməsinə toxunub, habelə ali məktəbin beynəlxalq akkreditasiyalar, beynəlmiləlləşmə, ikili diplom proqramları və xarici tələbələrin sayının artırılması istiqamətində mühüm nailiyyətlərini vurğulayıb.
Bu il BMU-dan 1142 tələbənin məzun olduğunu, onlardan 75 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü deyən rektor universitetin məzunlarının məşğulluq göstəricilərinə görə ölkənin qabaqcıl ali təhsil müəssisələri sırasında yer aldığını nəzərə çatdırıb. Çıxışının sonunda Yaqub Piriyev məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Sonra çıxış edən qonaqlar-icra başçısı Abdin Fərzəliyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli və Vüqar Bayramov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Natiqlər ölkəmizdə gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və peşəkar mütəxəssis kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs ediblər. Bildirilib ki, bugünkü məzunlar müstəqil, güclü və qalib Azərbaycanın gələcəyinin qurucuları kimi qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltməli, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə öz töhfələrini verməlidirlər. Çıxışlarda vurğulanıb ki, təhsildə iradə, məsuliyyət, zəhmət və məqsədyönlülük hər zaman uğurun əsas şərtləridir. Gənclərə daim öz üzərlərində çalışmağın, yeniliklərə açıq olmağın və cəmiyyətə faydalı vətəndaş kimi yetişməyin vacibliyi tövsiyə edilib. Eyni zamanda qeyd olunub ki, ali təhsil müəssisələri ölkənin intellektual potensialını formalaşdıran mühüm beyin mərkəzləri olmaqla yanaşı, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsində də əhəmiyyətli rol oynayır.
Çıxışlardan sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı proqram təqdim olunub. Proqram çərçivəsində BMU-nun əcnəbi tələbələrinin ifasında səsləndirilən “Azərbaycan” mahnısı böyük maraqla qarşılanıb.
Ardınca BMU-nun sosial-ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub, həmçinin fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.
"Kompüter mühəndisliyi" ixtisasının məzunu, universitet birincisi Zərifə Əlili çıxış edərək 626 balla qəbul olduğu bu sahəyə marağının necə yarandığından danışıb. Universitetdə təhsil aldığı müddətdə qazandığı uğurları bölüşən Zərifə Əlili gənclərin müasir, keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan geniş imkanlara, ali təhsilin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Tədbir məzunların ənənəvi papaqatma mərasimi və tanınmış müğənni Röya Məmmədovanın (Hiss) ifaları ilə başa çatıb.
BMU-da Milli Qurtuluş Günü qeyd olunub

BMU-da Milli Qurtuluş Günü qeyd olunub
Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, YAP Abşeron rayon 40 saylı ərazi təşkilatının sədri Bayram Hüseynzadə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski ilə üz-üzə qalmışdı. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal edilirdi. Bayram Hüseynzadə vurğulayıb ki, xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev özünün yüksək dövlətçilik təfəkkürü, strateji baxışı, siyasi iradəsi və nadir şəxsiyyətə xas xüsusiyyətləri sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində taleyüklü addımların atılmasına nail olub. Ulu Öndər Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsinin qarşısını alaraq xilaskarlıq missiyasını uğurla yerinə yetirib. Ümummilli Liderin gənclər siyasətindən, bu siyasətin Prezident cənab İlham Əliyev tətəfindən uğurla davam etdirilməsindən ətraflı danışan, tələbələrə tövsiyələrini çatdıran prorektor Milli Qurtuluş Gününün xalqımızın iradəsinin, dövlətçilik əzminin və milli birliyinin rəmzi kimi tarixdə əbədi qalacağına inamını ifadə edib.
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi”nin açılışı olub

BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi”nin açılışı olub
🔹 Şuşa şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay məktəbi”nin açılış mərasimi keçirilib.
Öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin, eyni zamanda şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
🔹Giriş nitqi ilə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb. O bildirib ki, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələri ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirir. Abbas Əliyev Şuşanın bu gün Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf etdiyini və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb. “Yay məktəbi”nin əhəmiyyətindən danışan rayon təşkilatının sədri layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, liderlik keyfiyyətlərinin inkişafına, komanda işinin formalaşmasına və ictimai fəallıqlarının yüksəldilməsinə xidmət etdiyini deyib.
🔹Sonra BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır.
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçirilir

BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçirilir
Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların X Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ənənəvi konfransı gənc tədqiqatçıların elmi nailiyyətlərinin təqdim edilməsi, yeni elmi ideyaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma adlandırıb. Ulu Öndərin elm və təhsilin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan prorektor bu siyasətin ölkənin gələcək inkişafı üçün mühüm yol xəritəsi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan gəncləri bu gün beynəlxalq elm məkanında öz layiqli mövqelərini möhkəmləndirirlər.
Bu il 10 illiyini qeyd etməyə hazırlaşan BMU-nun elmi və akademik inkişafında gənc tədqiqatçıların mühüm rol oynadığını deyən Ağası Məlikov konfransın beynəlxalq əhatə dairəsinin ildən-ilə genişləndiyini söyləyib. Nəzərə çatdırılıb ki, builki konfransa Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Pakistan, Gürcüstan, Qazaxıstan, Macarıstan və digər ölkələrdən 520-dən çox məqalə təqdim olunub, onlardan təxminən 450-si ciddi elmi ekspertiza mərhələsindən keçərək qəbul edilib. Prorektor tədbirin geniş coğrafiyanı əhatə etməsini yalnız elmi fikir mübadiləsi deyil, həm də müxtəlif ölkələrdən olan gənclər arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin güclənməsinə xidmət göstərdiyini deyib.
BMU-da Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı tədbir keçirilib

BMU-da Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı tədbir keçirilib
▫ Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər, Azərbaycan dili və pedadogika və Dizayn kafedralarının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Sözün işığında” adlı ədəbi-bədii tədbir keçirilib.
▫ Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı filmi izləyiblər.
▫ Sonra tədbiri giriş sözü ilə açan Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva və Azərbaycan dili və pedadogika kafedrasının müdiri Təranə Hacıyeva Səməd Vurğunun Azərbaycan ədəbi fikrində xüsusi yer tutduğunu bildiriblər. Qeyd olunub ki, görkəmli şairin zəngin yaradıcılığı milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissləri və insan sevgisinin təbliğində mühüm rol oynayıb. Çıxışlarda vurğulanıb ki, Səməd Vurğun poeziyası təkcə öz dövrünün deyil, həm də bu günün oxucusunun düşüncə dünyasına təsir edən, milli ruhu yaşadan və gələcək nəsillərə ötürən qiymətli irsdir.
▫ Ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edən tədbirdə BMU-nun “Biznesin idarəedilməsi” ixtisasının I kurs tələbəsi Rəna Teymurova şairin sözlərinə bəstələnmiş mahnı ifa edib.
▫ Sonra BMU-nun dosenti Yasin Xəlilov, baş müəllim Rəhman Quliyev, dosent Əli Ələmi, dosent Emin Ağayev, müəllim Ramiz Nəcəfli çıxış edərək, Səməd Vurğun yaradıcılığının əsas istiqamətləri, poeziyasının bədii gücü və cəmiyyətə təsiri barədə fikirlərini bölüşüblər. Çıxışlarda şairin sevgi, Vətən, torpaq, təbiət və insan mövzularını özünəməxsus poetik üslubla qələmə aldığı, lirik və dramatik əsərlərində milli ruhu, mənəvi dəyərləri və xalqın duyğularını yüksək sənətkarlıqla ifadə etdiyi qeyd olunub.
BMU WUF13-də innovativ konsept layihələrlə təmsil olunur

BMU WUF13-də innovativ konsept layihələrlə təmsil olunur
Bakı Mühəndislik Universiteti (BMU) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində innovativ konsept layihələrlə təmsil olunur.
Universitet sərgidə “Gələcəyin şəhər modelinə ənənəvi və orqanik yanaşma” mövzusunda urbanistika və memarlıq sahələrini əhatə edən iki konseptual tədqiqat layihəsini təqdim edir.
BMU-nun Memarlıq və inşaat fakültəsinin hazırladığı birinci layihə klassik islam şəhərsalma məktəbinin məhəlli təşkilatlanma prinsiplərinin müasir urbanistik nəzəriyyələr və dayanıqlı inkişaf yanaşmaları əsasında reinterpretasiyasına yönəlmiş modul tipli orqanik yaşayış strukturları konseptidir. “Pətək” modeli kimi təqdim olunan konsepsiya ənənəvi müsəlman şəhərlərinə xas məhəlli-məkan kompozisiyasını innovativ planlaşdırma metodologiyası ilə sintez edərək insan mərkəzli şəhər modelini təklif edir. Layihədə nəqliyyat və piyada münasibətlərinin optimallaşdırılması, sosial inteqrasiyanın gücləndirilməsi, ekoloji balansın qorunması və funksional urban məkanların formalaşdırılması əsas elmi-praktik prioritetlər kimi müəyyən edilib.
İkinci layihə Şuşa şəhərinin Cıdır düzü ərazisində kreativ müasir memarlıq nümunələrindən istifadə etməklə “Milli Mədəniyyət Mərkəzi” konseptidir. Layihədə milli memarlıq irsinin çağdaş memarlıq təfəkkürü ilə inteqrasiyası əsasında yaradıcı və innovativ məkan həlləri təqdim olunur. Konseptual yanaşma mədəni identikliyin qorunması ilə müasir memarlıq-estetik prinsiplərin harmonik vəhdətinə əsaslanır.
WUF13 çərçivəsində sərgidə təmsil olunmaq universitetin akademik heyəti, tələbələri və gənc tədqiqatçıları üçün beynəlxalq elmi platformalarda təcrübə mübadiləsinin genişlənməsinə, multidissiplinar əməkdaşlıq imkanlarının formalaşmasına və urbanistika, memarlıq, dayanıqlı şəhərsalma istiqamətlərində aparılan elmi-tədqiqat fəaliyyətlərinin inkişafına mühüm töhfə verəcək.
BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər
BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
🇦🇿 Universitet əməkdaşları görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
🇦🇿 Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı önünə tər çiçəklər düzülüb.
BMU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

BMU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib, ardınca görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.
BMU-nun rektoru Yaqub Piriyev çıxışında bildirib ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. Rektor Heydər Əliyevin Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlanıb, xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
BMU-da Milli Xalça Festivalı keçirilib

BMU-da Milli Xalça Festivalı keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) 5 May - Xalçaçı Günü ilə əlaqədar Milli Xalça Festivalı keçirilib. Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşkilatçılığı ilə baş tutan festivalda BMU-nun tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində reabilitasiya keçən əlilliyi olan şəxslər, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Əzim Əzimzadə adına İncəsənət Kollecinin gənc rəssamları da iştirak ediblər.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bu cür festivalların milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Rektor xalça sənətini xalqımızın milli kimliyini, estetik zövqünü və tarixi yaddaşını özündə əks etdirən ən dəyərli irs nümunəsi kimi xarakterizə edib. Bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən 5 May - Xalçaçı Günü peşə bayramı kimi təsis edilib və bu addım dövlətin xalçaçılıq sənətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın xalçaçılıq sənətinin qorunub saxlanmasına verdiyi mühüm töhfələr vurğulanıb, onun təşəbbüsü ilə 16 il əvvəl Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyi nəzərə çatdırılıb.
Yaqub Piriyev, həmçinin BMU-nun Dizayn kafedrasında ötən ildən xalq sənətimizi yaşatmaq, yeni xalçaçı-rəssamlar nəsli yetişdirmək üçün “Dekorativ tətbiqi sənət” ixtisasının açıldığını qeyd edib, mühəndislik dəqiqliyi ilə incəsənətin zərifliyini bir araya gətirərək, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün atılan digər addımlara toxunub.
BMU-da abituriyentlərlə görüş keçirilib

BMU-da abituriyentlərlə görüş keçirilib
Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” mövzusunda abituriyentlərlə görüş təşkil edilib. Regional Təhsil İdarəsinin rəhbərliyi, rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri və BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Sonra universitetin akademik mühiti, maddi-texniki bazası və son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetin tarixi və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan və bu il 10 yaşı tamam olacaq universitetdə ali təhsilin bütün pillələri üzrə 4 fakültədə (İnformasiya və kompüter texnologiyaları, Mühəndislik, İqtisadiyyat və idarəetmə , Memarlıq və inşaat) Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, son iki ildə bakalavriat səviyyəsində 12 yeni ixtisas, magistratura səviyyəsində isə 14 yeni ixtisaslaşma açılıb. 2024-cü ildə yaradılan İnformasiya və kompüter texnologiyaları fakültəsi ölkədə rəqəmsallaşma, süni intellekt, data elmləri və innovativ texnologiyalar sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor BMU-da 8 yeni kompüter, o cümlədən Kibertəhlükəsizlik, Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyalarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ümumilikdə universitetin 20-dən çox müasir laboratoriyası, habelə Texnoparkı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar yaradır.


